©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

III FƏSİL BAŞLANĞICDAN XV ƏSRƏ QƏDƏR OĞUZNAMƏ YARADICLIĞI - AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu...


III FƏSİL


BAŞLANĞICDAN XV ƏSRƏ QƏDƏR OĞUZNAMƏ YARADICLIĞI


Epik yaradıcılıq haqqında araşdırmalarda epik yaradıcılıq prosesi, adətən, yaranma və formalaşma ilə məhdudlaşdırılır. Belə araşdırmalarda problemin “das­ta­nın yaranması”, “dasta­nın formalaşması” və ya “yaranması və formalaşması” səviy­yə­sində qoyulması epik yaradıcılıq prosesinin yaranma və for­ma­laşma ilə başa çatması təsəvvüründən doğur. Ancaq yara­nış­dan süquta qədər proses içəri­sin­də olan epik yaradıcılıq hadi­sə­sinin yaranma və ya formalaşma ilə başa çatma­dığı­nı görmək o qədər də çətin deyil. Eposogenez prosesi adı verdiyimiz bu hadisə Oğuz­naməyə münasibətdə daha aydın şəkildə görünür. Məlum olduğu kimi, Oğuz­namə bu gün yaşamır. Biz onunla yaşa­dığı zaman ərzində müxtəlif şəkildə yazıya alı­naraq günümüzə çatmış mətnlər vasitəsi ilə tanış oluruq. Deməli, Oğuz­namə tari­xin müəyyən dövründə yaranmış, formalaşma döv­rü keçirərək müəyyən ömür yaşa­mış və öz funksiyasını itirə­rək tədricən unudulmuşdur. Burdan görünür ki, yaranma və forma­laşma Oğuznamə yaradıcılığının müəyyən mərhələsini ifadə edir. Onun həyat dövrü və nəhayət, süqutu da bu epik yara­dıcı­lıq hadisəsinin tərkib hissəsidir. Oğuznamə yaradıcılığının təs­vir olunan dinamik vəziyyəti öz təbiətini onu yaradan etnosun təbiətindən alır və ondan asılı şəkildə hərəkət edir. Bu fəsildə, eləcə də “Oğuznamənin süqutu” adı verdiyimiz VI fəsildə bu tezisi əsaslandırmağa çalışacağıq.

Biz adi halda mövzunun öyrənilməsinə oğuznamələrin ya­ranması məsələ­sin­dən başlamalı idik. Ancaq bir çox araş­dır­malarda oğuznamələrdə arxaik ünsürlərin qabardılması yolu ilə sözügedən şifahi yaradıcılıq hadisəsinin yaranması dövrü haq­qın­da yanlış təsəvvür yaradılır. Bu cəhət Oğuznamə ilə Oğuz­namə öncəsi şifahi ənənənin münasibətindən ayrıca danışmaq zərurəti yaradır.



3.1. Oğuznamə və arxaik epik ənənə.

Oğuznamə epik dünyanın mənzərə­sinə, personajlar sisteminə, janrına, poetik ifa­də üsullarına və s. görə özünə qədərki, özündən sonrakı, elə­cə də onunla yanaşı yaşayan epik ənənələrdən fərqlə­nir. Yəni Oğuz­namə yaradıcılığı bu anlayışı ifadə edən bütün ölçülərə görə ayrıca epik ənənədir. Bununla yanaşı, bu ənənə quru yer­də yaranmayıb. O, bütün epik ənənələr kimi, özündən əvvəlki şifahi ənənəyə söykənir. “Türk epik ənənəsində Oğuz­namə mo­tivləri”ndən söz açan araşdırıcı əslində Oğuznamənin bu bünöv­rə əsa­sında yarandığına diqqət çəkir (16, 5-33). Ancaq araşdı­rıcılar Oğuznamənin yaran­masından danışarkən məsələ­nin bu tərəfini bir çox hallarda unudaraq oradakı arxaik epik ənənə ilə bağlı olan elementlərə diqqət yetirirlər. Elə ona görə də belə araşdırmalarda Oğuznamənin yaranması haqqında elmi düşüncə mücərrəd qədim­lik­lə əvəz olunur. Problemə belə mü­na­sibət nəinki həvəskar yazılarında, hətta V.V.Bartold kimi görkəmli bir alimin məqaləsində də özünü göstərir. Səbəbsiz deyil ki, müəllif “Kitab”dan danışarkən “bəzi əfsanələrin, süjetlərin həddindən çox qədim” ola biləcəyindən danışır (144, 527). Qeyd edək ki, Oğuznaməyə məxsus hər hansı bir süjetin, motivin, personajın qədimliyinin vurğulanması bir çox hal­larda onun yaranması dövrü kimi anlaşılır və ya təqdim olunur. De­mək istəyirik ki, şifahi bədii mətndə arxaik elementlərin varlığı həmin mətnin yaranması dövrünü əks etdirmir. Belə elementlər hətta müasir dövrdə yaranmış mətnlərdə də var. İş ondadır ki, şifahi bədii mətn qədim zamanlardan süzülüb gələn üç yaddaş tipinin əsasında yaranır: şifahi ənənənin yaddaşı, süjetin yad­da­şı və söyləyicinin yaddaşı (259). Sözügedən arxaik elementlər bu yollarla mətnə daxil olur və Oğuznamə də bu baxımdan istisna təşkil etmir.

Bütün türk qəhrəmanlıq dastanları kimi, oğuznamələrin yaranmasında arxaik bahadırlıq nağıllarının rolu böyükdür. Araş­dırmalara görə, bahadırlıq nağılları ar­xaik folklorun janr­la­rındandır və qəhrəmanlıq dastanları öz başlanğıcını, əsas eti­barilə arxaik bahadırlıq nağıllarından götürür. Bu baxımdan V.Y.Proppun, E.M. Meletins­kinin, V.M.Jirmunskinin, S.Y.Nek­lyudovun araşdırmaları xüsusi əhəmiy­yət daşıyır (196, 334-397; 244, 443; 245, 255-260; 246, 45; 253, 82-84; 254, 82-88; 270, 22-59) Bununla yanaşı, adı çəkilən araşdırıcılar problemi öy­rə­nərkən, əsas etibarilə, müasir qəhrəmanlıq dastanları ilə arxaik bahadırlıq nağıllarını tutuşdurur­lar. Ancaq müasir das­tan­lardan çox-çox qədim olan oğuznamələrin arxaik baha­dırlıq nağılları ilə əlaqəsi daha aydın şəkildə görünür.

Məlum olduğu kimi, bahadırlıq nağıllarının süjet quru­luşu igidcəsinə evlən­mə, demonik qüvvələr və yad tayfalarla müba­rizə, eləcə də qan düşmənçiliyi kimi mövzuların təsviri əsasında formalaşmışdır (254, 86). Oğuznamələrdə də biz bu mövzular üzərində qurulan süjetlərlə qarşılaşırıq. Oğuznamələr içərisində Bamsı Beyrək boyu və Qanturalı boyunun süjeti tipik bahadırlıq nağılı süjetidir. Hər iki oğuznamənin süjeti igid­cəsinə evlənmə üzərində qurulmuşdur. Bamsı Beyrək haq­qın­da oğuznaməni “Al­pamış” dastanının versiyası sayan V.M.Jir­munski dastanın qıpçaq, kunqrat və oğuz versiyalarının bir-birindən yox, “qədim mənbədən haça­lan­dığını” söylə­yər­kən arxaik bahadırlıq nağılla­rını nəzərdə tuturdu (196, 218-219). Sözügedən versiyalarda mo­tiv, süjet oxşarlığı ilə yanaşı, qəh­rəmanların adla­rın­dakı ox­şar­lığı da nəzərə alsaq, bir çox oğuz­namə qəhrəmanlarının ar­xaik baha­dırlıq nağıllarından gəl­diyini düşünmək olar.

Oğuznamə süjetlərinin bir çoxu “yad tayfa” ilə mübarizə mövzusu üzərində qurulmuşdur. Belə oğuznamələrin bir ço­xun­­da qəhrəman düşmən əsarətində olan yaxınlarını xilas edir. Sərəng haqqında oğuznamə, “Salur Qazanın evi yağ­ma­lan­dığı boy”, “Qazılıq qoca oğlı Yegnək boyı”, “Uşun qoca oğlı Səg­rək boyı”, “Salur Qazan tutsaq olıb oğlı Uruz çıqardığı boy” bu qəbildəndir. Oxşar süjet quruluşu müasir türk, eləcə də mon­qol xalqlarının dastanları üçün də səciyyəvidir (194, 30-46; 253, 88-89; 287, 68-73).

Oğuznamə arxaik bahadırlıq nağıllarına xas olan qan düşmənçiliyi mövzusuna da laqeyd qalmayıb. Bizə məlum olan oğuznamələrdən ikisi qan düşmənçiliyinə həsr olunub. Bökdiz Əmən ailəsi ilə Yetim Qozan ailəsi arasında qan düşmənçiliyi haq­qında oğuznamə barədə Hafiz Dərviş Əli Cəngi (XVII) məlumat verir (79, 44-45). Qan düşmənçiliyi haqqında ikinci oğuznamə ilə biz “Kitabi-Dədə Qorqud”da qarşılaşırıq. Söhbət “Kitab”dakı XII Oğuznamədən gedir. Ancaq bu oğuznamədə Bey­rəyin xaincəsinə öldürülməsi Bozok boyları ilə Üçok boy­la­rının qarşıdurması ilə nəticələnir. Yəni Oğuznamə qan düş­mən­çiliyini “vətəndaş müharibəsi” səviy­yə­sinə qaldırır.

“Basat Dəpəgözi öldürdügi boy”un süjetinin müxtəlif versiya və variantla­rı­nın türk xalqlarının folklorunda varlığı onun qədimliyini göstərir (296, 36-43). Oğuz­na­mənin bu süjeti demonik varlıqlarla mübarizə haqqında bahadırlıq nağılın­dan aldığını güman etmək olar.

Bəzi oğuznamələrin süjetinin başqa xalqlardan alınması barədə fikirlər möv­cud­dur. Buğra xan, Duxa qoca oğlu Dəli Dom­rul, Bəkil oğlu Əmran haqqında Oğuz­namələr belələrin­dən­dir. Buğra xan haqqında oğuznamənin süjeti, Q.M.Bon­qard – Levinə və O.F.Volkovoya görə, Asokanın oğlu Kunala haq­qında qədim hind əfsanəsindən alınmışdır. Bununla yanaşı, bu süjetin türklərdən hində keçməsi ehtimalı da nəzərdən qaçırıl­mır (120, 107-108). V.M.Jirmunski isə “Dəli Domrul boyı”nı yu­nan folkloru ilə bağlayıb onun Anadoluda yaranması fikrini irəli sürür (196, 581-583). Dəli Domrul boyunun mənşəyi haq­qın­­da O.Ş.Gökyay və X.Koroğ­lu bənzər şəkildə fikir yürü­dür­lər (82, DLXIV; 222, 126). M.V.Basilo­vun məsə­ləyə müna­si­bə­­ti həmkarlarından fərqlidir. O, “Dəli Domrul” süjetini Kor­kut atanın ölümdən qaçması ilə bağlı məşhur qazax əfsanəsi ilə müqayisə edir və bu əfsanəni Dəli Domrul boyunun arxaik şəkli sayır (147, 53). M.Təhmasib boyun Kiçik Asiya ilə bağlı­lı­­­ğı­nı özünəməxsus şəkildə inkar edir (58, 5-9). Bu məsələdən bəhs edən M.Seyidov V.M.Jirmunskinin arqumentləri qarşısın­da bir az geriyə çəkilmiş kimi görünür və həmin boyu “Qafqa­za və Kiçik Asiyaya gəldikdən sonra yunan əfsanə­ləri ilə çar­paz­­­laşmış və bəlkə, müəyyən təsirə uğramışdır” şəklində də­yər­­­ləndirir (51, 13). Bu məsələyə xüsusi məqalə həsr edən A.Aca­­lov Dəli Domrul boyu ilə “Digenis Akrit” dastanı ara­sın­­dakı bənzərlikləri daha dərin qatlar – “şumer-türk mifo­lo­gi­ya­sı kontekstində” dəyərləndirir və yunan dastanını (eləcə də ölüb-dirilmə kultu ilə bağlı mifoloji personajları) şumer mifo­lo­­­­giyası ilə bağlayır. “Digenis Akrit” dastanındakı Duka epo­ni­­minin şumerdən başlayaraq tarixən, eləcə də bu gün türk xalq­­ları içərisində uyğun anlamda işlədiyini göstərən müəllif, Də­li Dom­rulun soyadının (Duxa Qoca oğlu) türk inanışları sis­te­­mindən törədiyini bildirir (3, 222-236). Bununla yanaşı, Dəli Domrul boyunun əsasında dayanan süjetin türk xalqları folk­lo­ru arealında versiya və variantlarının öyrənilməsi qarşıda daya­nır. Bu baxımdan M.Kazımoğlunun Dəli Domrula ümum­türk folkloru çərçivəsində yanaş­ması xüsusi maraq doğurur (40, 58-66). “Bəkil oğlu Əmranın boyı”nın mən­şəyi məsələ­sin­­də də ox­şar problemlə qarşılaşırıq. Məlumdur ki, gürcü ali­mi Y.B.Vir­­­­saladze və ardınca M.E.Meletinski boyun qəhrə­man­­larının adları ilə gürcü folk­lorunun Betkil və Amiriani kimi qəh­rəmanlarının adları arasındakı oxşarlığa əsaslanaraq həmin boyun gürcü mənşəyi haqqında fərziyyə irəli sürür (165, 100-102; 246, 106). M.Seyidov gürcü aliminin bu fikrinə qarşı ki­fayət qədər tutarlı ca­vablar verməklə məsələyə aydınlıq gə­tir­miş­­dir (51, 18-28). Bununla yanaşı, hə­min süjetin türk folk­lo­ru kontekstində araşdırılması qarşıda dayanan vəzifələr­dən­dir.

Oğuznamə ilə oğuznamə öncəsi epik ənənənin qarışdırıl­ması Oğuz haqqında dastana münasibətdə daha bariz şəkildə özünü göstərir. Təsadüfi deyil ki, araş­dı­rıcılar bu dastanın “Oğuz kağan” adı ilə tanınan uyğur versiyasını “Oğuznamə” ad­lan­­dırırlar. Bir çox araşdırmalarda qarşılaşdığımız “Uyğur Oğuznaməsi”, “Oğuz­namənin uyğur əlyazması” kimi ifadələr məsələyə deyilən münasibətdən doğur. Belə görünür ki, araş­dı­rıcı Oğuz haqqında dastanı Oğuznamədən kənarda təsəvvür etmir və ya Oğuz haqqında dastanla Oğuznaməni eyniləşdirir. Bu şəkildə düşünən araşdırıcı unudur ki, Oğuznamənin nüvəsi Oğuz haqqında dastan deyil, bir epik sosium olaraq Oğuz eli­dir. Ona görə də Oğuz haqqında dastanın o versiyası Oğuzna­mə sayıla bilər ki, orada Oğuz elindən bəhs olunsun. Bu üzdən X.Koroğ­lunun bir epik sosium olaraq Oğuz elindən xəbərsiz olan “Oğuz kağan” dastanını Oğuznamə sayması, tamamilə, əsas­sızdır (222, 38). Müəllif nəinki “Oğuz kağan” dastanını, hətta Dəvadərinin məlumat verdiyi Uluxan Ata Bitikci kita­bın­dakı Oğuz haqqındakı qeydin də ən qədim oğuznamədən gəl­di­yini düşünür (222, 38). Unut­maq olmaz ki, Oğuz haqqında das­ta­nın bütün versiya və variantlarının Oğuzna­mənin içərisinə salın­ması Oğuznamə öncəsi epik ənənə anlayışını sıradan çıxa­rır. Oğuznamənin yaranması dövrünün mistikləşdirilməsi və ona əzəli bir məzmun verilməsi də buradan qaynaqlanır. Ən baş­­lı­cası isə belə münasibətin nəticəsində Oğuz haqqında das­ta­nın orta əsr qaynaqlarında təsviri verilən Oğuznamə versi­yası kölgədə qalır. X.Koroğlu onu səciyyələndirərək “...başqa mə­lum oğuznamələrdə, farsca, türkcə və başqa türk dillərində olan salnamələrdə əks olunan oğuzlar haqqında ayrı-ayrı məlu­mat­larda Oğuzu bir qayda olaraq müsəlman göstərirlər” deyir və bu hadisəni islam təsiri ilə əlaqələndirir (222, 46). Bu şəkil­də Oğuz haq­qında dastanın Oğuznamə versiyası “Oğuz kağan” dastanının islam təsirinə məruz qalmış şəkli kimi təqdim olu­nur və dolayısı ilə dastanın Oğuznamə versiyasının varlığı in­kar olunur. R.Şükürova isə açıqdan-açığa dastanın Oğuznamə ver­siya­sının varlığını inkar edərək Rəşidəddinin əsəri uyğur versiyası əsasında yazdığını söyləyir (309, 84). Məsələyə belə yana­şan müəlliflər, irəlidə görəcəyimiz kimi, ən azı “Oğuz xan və Qara xan” haqqında dastanın, yəni dastanın Oğuznamə ver­si­yasının şifahi ifası barədə qaynaqların verdiyi məlumatı nə­zər­dən qaçırırlar.

A.N.Bernştam məsələyə tamamilə fərqli şəkildə yanaşır. “Oğuz kağan” dasta­nı­nın “hun zamanında” yaranması fikrində olan müəllif dastanda işlənən urum və urus kimi etnonimlərin həmin dövrdə mövcud olmamasına əsaslanaraq, onun “oğuz tayfa­larının konkret tarixi əsasında genişlənərək” yenidən ya­ran­dığı əsas mü­hitə, yəni “qədim uyğur mühitinə” qayıtdığını söyləyir (152, 234). Başqa sözlə, müəl­lif dastanın uyğur versi­ya­sının Oğuznamə versiyası əsasında yaranması fikrin­dədir. Müəl­lifin məsələyə bu şəkildə yanaşması şifahi mətnin təbiə­tini nəzərə alma­maq­dan törəyir. Tutaq ki, müəllifin söylədiyi kimi, Oğuz haqqında dastan, həqiqətən də, “hun zamanında” yaranıb. Onun uyğur dastanına çevrilməsi üçün uy­ğur epoxa­sına qədər şifahi ömür yaşaması lazım idi. Şifahi mətnin yaşa­dığı dövrdə baş verən yeni tarixi hadisələri öz içərisinə alması tamamilə qanunauy­ğun­dur. Oğuz haqqında dastanın uyğur versi­yasında sözügedən etnonimlərin varlığına da bu müstə­vidən yanaşmaq lazımdır. Bununla yanaşı, müəllifin uyğur mühi­tini dastanın əsas mühiti saymasını müasir tarixi biliklər müstəvisində anlamaq müm­kün deyil. Əgər dastan hun mühi­tində ifa olunurdusa, bu mühit bir çox türksoylu xalqlardan təşkil olunmuşdu. Deməli, dastan onların hamısına bəlli olmalı idi. Ona görə də Oğuz haqqında dastanı bu mühiti təşkil edən xalqlardan birinə vermək cəhdi anlaşılmazdır. Nəhayət, Oğuz haqqında dastanın uyğur versiyası Oğuznamə versiyasından qə­dim­dir. Heç olmasa ona görə ki, dastanın Oğuznamə versi­ya­sından fərqli olaraq, uyğur versiyası Göytürk dövlətinin yıxıl­masından sonra tarix meydanına çıxmış peçeneq, ki­mak/yemək, oğuz, türkman və s. kimi etnik birlik­lər­dən xəbərsizdir.

Ən nəhayət, “Oğuz” dastanı nəinki onun Oğuznamə ver­si­yasından, hətta uy­ğur versiyasından da qədimdir. Onun tari­xin hansı dövründə yaranması haqqında qə­ti bir fikir söyləmək çətindir. Bir şey aydındır ki, dastanın bizə məlum olan həm uy­ğur, həm də Oğuznamə versiyası böyük dövlətçilik epoxa­sını yaşamış bir xalqın təfək­kürünün məhsuludur. İ.Biçurinin Oğuzu Hun hökmdarı Meteyə bənzətməsi də bura­dan qaynaq­lanır (153, 125). Ancaq onun Hun və ya Göytürk epoxası za­ma­nın­da hansı şəkildə olması bizə bəlli deyil. Onu söyləmək olar ki, bu dastan dövriy­yədə olan entoqonik mətnlərdən biri­dir. Qədim və orta əsrlərdə mövcud olan türk­soylu etnik birlik­lərin hər biri onu alıb özlərinin etnik simasına uyğunlaş­dıraraq soy kimliyi haqqında mübarək mətnə çevirə bilərdilər. Ona görə də onun kimak, karluk, qıpçaq, peçeneq, bulqar və s. ver­si­yalarının olması istisna olunmur. Ancaq onlardan yalnız ikisi elmə məlumdur. Deyildiyi kimi, onlardan biri uyğur, o biri isə türkman versiyasıdır. Dastanın Oğuznamə versiyasının mənbə­yindən danışarkən bunlar nəzərə alınmalıdır.

Xatırlatmaq istərdik ki, biz Oğuznamənin arxaik epik ənə­nəyə münasibətini göstərmək xatirinə birinci ilə ikincinin əla­qəsinin bəzi tərəflərinə toxunduq. Bu­nun­la yanaşı, sözüge­dən problemin ayrıca araşdırmaya ehtiyacı olduğunu da vur­ğu­lamaq istərdik.

Sonda, arxaik epik ənənənin Oğuznamənin yalnız bünöv­rə­si olduğunu bir da­ha xatırladaraq, onu demək istəyirik ki, araş­dırdığımız bu nəhəng şifahi yaradıcılıq hadisəsi bir etnos ola­raq türkmanların tarix səhnəsinə çıxmasından sonra yaran­mışdır.



3.2. Oğuznamənin yaranması və formalaşması məsələsi.

Bugünə qədərki araş­dırmalarda oğuznamələrin yaranması prosesi ilə bağlı müxtəlif fikirlər söylən­miş­dir. Bu fikirlərin, demək olar ki, hamısı oğuz tarixi haqqında tarixşünaslıqda kö­küm sürən ənənəvi düşüncəyə əsaslanır. Ancaq biz bu araşdırmada oğuz tarixi ilə bağlı fərqli görüş ortaya qoyduq. Aydın oldu ki, oğuzlarla türkmanlar ayrı-ayrı xalq­lardır və Oğuznamə yaradıcılığı da türkman xalqının epik yaradıcılığının məhsuludur. Ona görə də biz Oğuznamə yaradıcılığını başlanğıc tarixindən tutmuş sona qədər türkman dediyimiz xalqın tarixi kontekstində öyrənəcəyik.

Etnik şüur etnik təşək­küllə bir zamanda yaranır və bu hadisə birbaşa etnik adla ifadə olunur. Tükman/türkmən adı daşıyan xalq tarixin diqqə­tini VIII əsrdə özü­nə cəlb etdi. Onun bu əsrdən öncə varlığı haqqında fikir­lər əfsanələrə söykənir. İslamı qəbul edən ilk türklər olaraq bu etnosun islamın bölgəyə gəlişindən sonra yarandığını nəzə­rə alsaq, VIII əsrdə yaranması təbii görünür. Soy kimliyi haq­qın­da mübarək mətnlə etnik təşəkkül arasında böyük zaman fasiləsi ola bilməz. Çünki etnik varlığın təsdiqi həm ənənəvi, həm də müasir insan şüurunda “sən kimsən” və ya “siz kim­si­niz” sualına verilən müsbət cavabdan asılıdır. L.Y.Lotmanın “baş­lan­ğıcı olan mövcuddur” tezisini bir daha yada salaraq, onu etnik müstəviyə keçi­rib “yalnız öz əcdadının adını çəkə bilən etnik baxımdan mövcuddur” şəklinə salsaq, məsələnin mahiyyətini anlamaq olar. Beləliklə, türkman /türkmən adlı xalq VIII əsrdə mövcud idisə, elə həmin əsrdə türkman/ türk­mən kimliyi haqqında mü­barək mətn də mövcud olmalı idi.

Türkman kimliyi haqqında ilk mətnlər günümüzə çatma­sa da, bu mətnlərdə etnosun əcdadının, Oğuz haqqında dastan­da olduğu kimi, Tanrının birliyinə iman gəti­rən ilk türk (uyğur, karluk, kanqlı və s.) kimi təqdim olunduğunu ehtimal et­mək olar. Ancaq VIII əsrdə türkmanların oğuzları əcdad kimi tanı­ması mümkün deyil­di. Unutmaq olmaz ki, soykimliyi və ya müba­rək əcdad haqqında mətn etno­sun təbiətinə uyğun şəkildə hazırkı vəziyyəti yaranış aktına aparır və onu bu yolla izah edir (293, 12-13). Nəzərə alsaq ki, Türkmanların Oğuznamədə əc­dad kimi tanı­dıq­ları Oğuz eli VIII əsrdə hələ yaranış dövrü keçi­rirdi və onlar hələ türkman­ların tərkibinə qatılmamışdı, onda məsələnin nə yerdə olduğunu anlamaq olar. Əgər Oğuz elinə mənsub olan tayfalar, tirələr türkmanlara qatılmamışdısa, deməli, soy­kimliyi haqqında türkman mətnlərində oğuzlar əcdad kimi təqdim oluna bil­məz­­di. Sözügedən hadisə X əsrdə baş verib. Deməli, oğuz əcdadlar haqqında mətn­lər türkman etnik mühitində ən tezi X əsrin II yarısından başlayaraq dolaşa bilərdi. Bununla yanaşı, Oğuznamənin türkman kimliyi haq­qın­da mübarək mətn olaraq yaran­dığını nəzərə alsaq, bu şifahi bədii yaradıcılıq hadisəsinin türkman kimliyi haqqında günü­müzə gəlib çatmayan mətnlərlə başladığını tərəddüd etmədən söy­ləmək mümkündür.

Türkmanlar bir etnos olaraq tarix səhnəsinə çıxmazdan öncə, türklər arasında soy kimliyi haqqında çoxlu mətnlər var idi və onlardan bəziləri öz zamanında tarixi salnamələrə salın­mış və bu yolla günümüzə gəlib çatmışdır. Türkman xalqını təş­kil edən tayfalar, böyük türk dünyasının bir parçası kimi, be­lə mübarək soylamalardan xəbərdar idilər və türkman kimliyi haq­qında mü­barək mətn də etnosun üzvlərinə məlum olan belə soylama əsa­sında yaranmışdır. Araşdırma göstərir ki, dövriy­yədə olan soy­lamalardan bir çoxu türkman kimliyi haqqında mü­ba­rək mətnə çevrilmə iddiasında olmuşdur. Belə mətnlər­dən biri oğuz kim­liyi haqqında mübarək mətn­dir. Bu mətn İbn əl-Fəqihin 903-cü ildə, yəni oğuzların bir etnosiyasi birlik olaraq mövcud olduğu zamanlarda yazdığı “Kitab əxbar əl-bul­dan” əsərində özünə yer tapır. Mətn oğuz şahzadəsi Balki­kin dilindən deyilir:



Mənim babalarımdan biri padşah olan atasına qəzəb­lə­nib ondan ayrılır. O, ətrafına adamlar toplayıb ölkənin şərqinə hərəkət edir. Onlar qarşısına çıxan hər şeyi ələ keçirir. Bir gün onlar sehirli dağ olan ölkəyə gedirlər. Bu ölkədə dağın ar­xa­­sın­dan çıxan günəş öz şüaları ilə bütün canlıları yandırır. Yerli sakinlər obaşdan yer altında və mağaralarda gizlənir. Dağlar­da yağış daşları var idi. Vəhşi heyvanlar bu daşların köməyi ilə yandırıcı şüalardan qorunurdular. Bu dağlarda otlayan hey­vanlar daşları ağızlarına alıb göyə qaldırırdı. Bu zaman onları günəşdən qoruyan bulud gəlirdi. Balkikin babası bu sehirli daşlardan ələ keçirir və geriyə qayıdır (129, 122-123). Həmin əsərin təshihindən ibarət olan Nəcib Həmə­da­ninin (XII əsr) “Əcaib əl-məxluqat” əsərində ata ilə oğul arasında yada daşı üstündə mübahisə olmasına işarə olunur. Bu əsərdə yada daşı tokuz-quz daşı adla­nır. Nəcib Həmədaniyə görə, “padşah” bu daşı Balkikin babasından almışdır. Son­ra necə olmuşsa, bu daş yenidən Yabkunun əlinə keçmişdir (129, 124). Mətnin qay­­naq­lardakı ifadəsində özünü göstərən fərqliliklərin üzərindən keçərək onu söy­ləmək istəyirik ki, “Balkikin təhkiyəsi” oğuz kimliyi haqqında mübarək mətndir.

Balkikin təhkiyəsində yada daşının tokuz quz daşı adlan­ması göstərir ki, oğuz kimliyi haqqında mətnə görə, Oğuz eli doq­quz oğuzlarla mübarizə şəraitində yaranıb. Araşdırıcılar doq­­quz oğuzlarla uyğurların eyni xalq olması fikrindədir (84, 121-122; 100, 37-43; 105, 331-376; 143, 568-569; 291, 23-33). Siyasi hakimiyyət işarəsi olan yada daşının qaynaqlarda doq­quz oğuz daşı adlanması siyasi iqtidarın doqquz oğuzların, yəni uy­ğurların əlində olmasını ifadə edir. Söhbət siyasi iqtidarı göy­­türklərin əlindən alan doqquz oğuzlardan – uyğurlardan ge­dir. Deməli, mətndə tarixi gerçəkliyə uyğun olaraq Uyğur döv­lə­ti ilə oğuzlar arasında siyasi mübarizə əks olunur (129, 125-126). Oğuz kimliyi haqqında bu mətnin Oğuznamənin (“Oğuz” dastanının) formalaşmasına təsirin­dən (ata-oğul kon­flikti) bəhs olunub (129, 120) Maraqlı odur ki, bu mətnin özü dəyişərək türkman kimliyi haqqında mətnə çevrilib. Yada daşı haqqında mətnin islam mühitində formalaşmış iki vari­an­tı var. Qardizinin “Zeyn əl-əxbar” əsərində (1050-1053) əks olunan variantda konflikt Quzla Xallux arasında baş verir:



Nuh dünyanı üç oğlu arasında bölüşdürür... Türklərin, slavyanların, yəcuc və məcucların Çinə qədər olan torpağı Ya­fəsə düşür. Türküstan başqa torpaqlardan ayrıldığı üçün ona türk adı verilir. Nuh Allaha dua edir və ondan xahiş edir ki, Yafəsə bir ad desin. Allah Nuhun duasını eşidib Yafəsi öyrədir. Yafəs yadından çıxmasın deyə o saat adı daşın üstünə yazıb boy­nundan asır. Daş irsən nəsildən-nəslə keçir. Varislər çoxa­lırdı: Quz, Xallux, Xəzər və başqaları. Onlar daşın kimə çata­cağı üstündə mübahisə etdilər. Daş quzların əlində idi. Qərara gəl­dilər ki, püşk atsınlar; daş kimə düşsə, o götürsün. Quzlar ona oxşar bir daş götürüb duanı onun üstünə yazdılar və bu sax­ta daşı başçılarının boynuna asdılar. Şərtləşdikləri gün püşk atıldı. Püşk Xalluxun adına düşdü. Saxta daşı xalluxlara verdilər. Əsl daş isə quzlarda qaldı. Türklərdə daş vasitəsi ilə yağış çağırma adəti belə yaranıb (146, 41-42). Bu mətnin baş­qa bir variantı XII əsrdə yazılmış müəllifi bəlli olmayan “Müc­məl ət-təvarix və əl-qisəs” adlı əsərdə əks olunur:

Nuh Yafəsə ölkə ayırdı. Ona Allahın gizli adını öyrətdi. Ona müraciət etməklə quraqlıq vaxtı yağış yağdırmaq olardı. Ya­fəs bu adı daşa yazdırıb boynuna asdı və lazım olanda isti­fa­də etdi. O, bu daşı ölüm qabağı Quza verdi. Ancaq Quzun əmi­si də daşa sahib olmaq iddiasını bildirdi. Hiyləgər Quz təklif etdi ki, püşk atılsın. Ancaq o, gizlicə saxta daş düzəldib püşkü udan Türkə verdi. Tezliklə hiylə bəlli oldu. Quz daşın gücsüz­lü­yü­nü Türkün Allahın birliyini qəbul etməməsi ilə izah etdi. Türk Quzun üstünə hücum çəkib onun böyük oğlu Yabqunu (və ya Biqu) öldürdü (222, 89). Mətnin başqa bir qaynaqda verilən varian­tında qəhrəman Quz ibn Mansak adlanır. Burada da, “Oğuz” dastanında olduğu kimi, Türkün onunla uzun illər sürən müharibəsindən və kiçik oğlu Bayqunun ölümündən söz edilir (129, 125). Mətndə epik konfliktin müsəlman-kafir qarşı­dur­ması əsasında qurul­ma­sı məsələyə Oğuznamə münasi­bətin­dən doğur. Fikrimizcə, bu mətn “Oğuz” dasta­nı ilə yanaşı, türk­man kimliyi haqqında mübarək mətn olmuşdur.

“Mücməl ət-təvarix və əl-qisəs” əsərində əks olunmuş bir məlu­mat türkman­ların soykimliyi (əcdadı) haqqında başqa bir mətnin də dövriyyədə olmasını ehti­mal etməyə imkan verir. Bu­ra­da Əfrasiyabın saray əyanları sadalanarkən onun Gök Buri Quz adlı kürəkəninin adı çəkilir. Qaynaqda qurdun adının Oğuzla bərabər çəkilməsinə diqqət yetirən X.Koroğlu onun “türk-oğuz epik ənənəsində tamamilə yeni olduğunu” qeyd edir (222, 93). Müəllif, əlbəttə, “yeni” ifadəsini Oğuz haq­qın­da dastana nisbətdə işlədir. Əslində əcdad qurd haqqında mətn tarixən və bu gün, demək olar ki, bütün türk xalqları və etnik qrupları arasında mövcud olmuşdur (33, 24-26; 44, 42-66; 107, 81-137; 168, 483-503; 216, 278-281; 298, 15-31). Bu baxım­dan əcdad qurd haqqında mətnin türkman etnik mühitində var­lığı qəribə görünməməlidir. Belə məlum olur ki, epik dövriy­yədə etnosun soykimliyi haq­qın­da daha çox mətn olmuşdur. An­caq müxtəlif etnik qrupların daxil olduğu türkman­ların etnik sima­sını izah etmək, eləcə də onların cahangirlik yürüşlərini ifa­də etmək gücündə olan Oğuz haqqında qədim dastan epik dövriy­yədə olan adekvat mətnləri sıxışdıraraq epik fondun bir kün­cünə atmış və türkman kimliyi haqqında əsas mət­nə çev­ril­mişdir. Fikrimizcə, bu hadisə XI əsrin ortalarından, yəni türk­man­ların qər­bə doğru yürüşlərindən sonra baş vermişdir. Bu­nun­la yanaşı, “Oğuz” dastanının Oğuznamə versiyasının qərb yürüşlərinə “böyük diqqət yetirdiyini” yada salsaq, XI əsrin II yarısını dastanın formalaşma dövrü olduğunu ehtimal etmək mümkündür.



Türkman xalqı sadəcə islam dinini qəbul etmiş xalq deyil­di, islam dini əsa­sın­da yaranmış xalq idi. Qəzavat düşün­cəsi bu xalqın fitrətində idi. Bu baxımdan ilk türkmanların qəza qəhrəmanları haqqında dastanlar yaratması istisna olun­mur. İstər Oğuz haqqında dastanın Oğuznamə versiyası, istərsə də oğuz ənənələrinin qəza­ların­dan bəhs edən Oğuznamələr türkmanların qərbə yürüşlərindən öncə yaranmış­dır. İlk türkmanların tanrıcı türklərlə qonşu olduqlarını nəzərə alsaq, qəza qəhrə­man­ları haqqında ilk türkman dastanlarında epik konfliktin oğuzlara qədər türk­man­lar arasında dominant rol oynayan etnik birliyin nümayəndəsi ilə tanrıcı türklər (məsələn, müsəlman uyğur və ya karlukla kafir qıpçaq və ya kafir oğuz) arasında qurulduğunu düşünmək olar. Oğuzların X əsrdə türkmanların tərkibinə qatılmasın­dan sonra qəza qəhrəmanları haqqında dastanların təbiəti dəyişir. Öncə, Oğuz eli bu dastanların epik mərkəzinə çevrilir. Oğuzların, eləcə də türkmanların tarixi və mübarizələri ilə bağlı xatirələr dastanlara qarışır, beləliklə, bizim tanıdığı­mız oğuznamələr yaranır. Qeyd edək ki, uyğun mətnlərin olmamasl ucbatından Oğuz­na­mənin formalaşması ilə bağlı məsələləri konkret şəkildə dəyərləndirmək müm­kün deyil. Buna baxmayaraq, yuxarıda göstərməyə çalışdığımız kimi, Oğuznamə­nin onu yaradan xalqın mənəvi, sosial, etnik, siyasi və ideoloji sifarişlərinə uyğun şəkildə formalaşdığına şübhə olmamalıdır. Bununla yanaşı, Dədə Qorqud oğuzna­mə­lərində epik hadisələrin türkmanların yayıldığı coğrafiyanın qərbində yerləşən Azərbaycanda və Anadoluda cərəyan etdiyini və bu hadisənin həmin bölgələrin XI əsrin II yarısından türkman dünyası üçün aktiv qəzavat bölgələri olması ilə (irəliyə bax) bağlı olduğunu nəzərə alsaq, bu oğuznamələrin XI əsrin II yarısında klassik şəklə düşdüyünü ehtimal etmək olar.

Oğuznamə səlcuqlular və xarəzmşahlardan sonra monqol epoxasını da yaşa­malı oldu və bu sonuncu hadisə Oğuznaməyə təsirsiz ötüşmədi.


?


ike-only-lasted-a-brief.html

ikense-krenesh--.html

iketellelekne-sjlm.html

iki-cchjczilbundaniryali-.html

iki-umrany-birikdirmek--.html