1 2 3 4 5 6 7 8

III FƏSİL NƏBİ XƏZRİ DİLİNİN FRAZEOLOGİYASI

səhifə6/8
tarix30.12.2017
ölçüsü0.84 Mb.

III FƏSİL


NƏBİ XƏZRİ DİLİNİN FRAZEOLOGİYASI


Dildə dərin kök atmış frazeoloji ifadələr xalqın tarixi, iq­­tisadi, siyasi həyatı ilə sıx surətdə bağlı olub, qədim tarixə ma­­likdir. «Təsadüfi deyildir ki, dilin ən qədim laylarına məx­sus olub, müasir günümüzdə öz ilkin leksik mənasını itirmiş və ya ondan uzaqlaşmış, müəyyən morfoloji dəyişikliklərə uğ­ramış hər hansı söz və ya ifadə bu gün məhz frazeoloji va­hi­din komponenti kimi «yaşayır», müstəqil söz kimi iş­lən­mə­sə də, frazeoloji vahidin məhz sabitliyi gücünə dildə mühafizə olu­nub qala bilmişdir» [73,17]. İlk əvvəllər dildə mövcud olan, ümumişlək xarakter daşıyan sözlər sonralar danışıq pro­­­­­­­­­sesində bir-birinə yanaşıb bütöv tərkiblər yaratmış və bu tər­­kiblər getdikcə xalq tərəfindən bu şəkildə, bu formada iş­lə­nib eyni bir əşyanı, hadisəni, hal-vəziyyəti, hərəkəti ifadə et­mə­yə başlamışdır. Bu xüsusiyyəti nəzərə alan S.Cəfərov ya­zır: «Sabit söz birləşmələrində sözlər üzvi surətdə elə birləşir ki, onları bir-birindən ayırmaq, birini başqası ilə əvəz etmək və hər sözü müstəqim mənada düşünmək olmur» [23, 99].

Frazeoloji ifadələr, əlbəttə, dildə birdən-birə ya­ran­ma­mış, sabit söz birləşmələrinə çevrilənə kimi uzun bir inkişaf yo­­­lu keçmişdir.

Frazeoloji ifadələr dildə tarixən yarandığına görə for­ma­­­­­­laşdığı dövrün qrammatik normaları ilə həmahəng olur və on­­ların müasir dil qaydalarından fərqlənməsi qa­nu­na­uy­ğun­dur. Bütün dünya dillərinə məxsus olan bir vəziyyət fra­zeo­lo­ji ifadələrlə xalq ruhunun, adət-ənənəsinin, xalq müd­rik­li­yi­nin özünəməxsus olması,təkraredilməzliyi ilə əla­qə­dar­dır.Bu­­na görə də müəyyən bir fikrin,ideyanın ifadə forması ayrı-ay­­rı dillərdə bəzən eyni,bəzən isə fərqli ola bilər. Bu baxımdan müəyyən bir məfhumun eyni bir sözlə ifadə olunan qar­şı­lı­ğı­nı əksər hallarda başqa dillərdə axtarmaq əbəsdir. Dilimizdə iş­lənən «Nə diriyə hay verir, nə ölüyə pay» ifadəsinin rus di­lin­də qarşılığı «не рыба, не мясо»dur, yaxud «gah nala, gah da mıxa vuran» ifadəsi isə rus təfəkküründə «nə ətdir, nə ba­lıq» sabit söz birləşməsi ilə ifadə olunur. Bu bir daha göstərir ki, hər iki dildə müəyyən bir fikrin ifadə forması müxtəlif ol­sa da, ideya eynidir və bir vahid fikrin ifadəsinə tabe edil­miş­dir.

Frazeoloji ifadələr bədii dilin elə mühüm tərkib his­sə­si­dir ki, onları tədqiq etmədən sənətkarın dil və üslubunu öy­­­­rənmək qeyri-mümkündür.Ədəbi dilin lüğət tərkibinin in­­­kişafını izləmək baxımından da şairin dilində dövrün sə­ciy­yə­vi xüsusiyyətlərini özündə əks etdirən frazeoloji ifadələrin təd­qiqi olduqca zəruridir.

Frazeoloji ifadələr hər bir dilin daxili qanuna­uy­ğun­lu­ğu­nu, gözəlliyini, rəngarəngliyini, ruhunu özündə əks etdi­rən mil­li leksik vahidlərdir.Hər bir xalqın dilində olduğu ki­mi, Azər­­baycan dilinin də luğət tərkibi frazeologizmlərlə zən­gin­dir. «Sözlər kimi, bütövlükdə bir məna ifadə edən sabit bir­ləş­­mələr dilimizin lüğət tərkibinin zənginləşməsində, ar­tı­mın­da böyük rol oynayır. Bu cəhət frazeologiya ilə leksikanın sı­xı əlaqəsini göstərir. Belə ifadələr daha çox milli səciyyəlidir. Hər dilin özünəməxsus milli ifadələri vardır. Fra­­zeologizmlər «di­lin xalq fizionomiyası, onun orijinal vasi­təsi, varlıq və zə­ka zənginliyidir» [V.Q. Belinski]. Bunlarda xalqın ağıl və bi­li­yi, sevinci və kədəri, məhəbbəti və nifrə­ti,gülüşü və göz yaş­la­rı, düzlüyü və əyriliyi, zəhmət­keş­liyi və tənbəlliyi, mübarizəsi, bir sözlə hər şeyə qadir gücü əks olun­muşdur» [38, 208].

Fikrin obrazlı, konkret şəkildə ifadəsi üçün mövcud olan əsas vasitələrdən biri də frazeoloji birləşmələrdir.Hər bir xalqın milli xüsusiyyətlərini özündə cəmləşdirən, dildə geniş is­tifadə olunan frazeoloji birləşmələr dünya dilləri arasında özü­nün fonetik, leksik, morfoloji quruluşuna görə seçilən, mil­­­­li koloritini özündə əks etdirən bir dil vahidi kimi daha ma­raqlıdır. P.Q.Pustovoyt yazır: «Ümumxalq dilinin leksik və frazeoloji zənginlikləri durğun vəziyyətdə qalmır, oke­an­da­kı dalğalar kimi, müəyyən qanunlar üzrə hərəkət və inkişaf edir» [109,3]. Söz sənətimizin inkişafına, fikrin poetik ifa­də­si­nə, onun obraz­lı­lı­ğı­na, zəngin məna çalarlarına malik olma­sı­nı poeziyasının qa­nad­la­rında yaşadan, milli şair­ləri­mizdən olan N.Xəzri də zəngin frazeoloji vahidlərdən istifadə et­miş­dir. Əsrlər boyu şifahi və yazılı dildə işlənən bu ifadələr hə­mi­şə nitqin yığcam,obrazlı, sadə, təbii verilməsinə xidmət et­miş, şairin poeziyasında daha da yeni məna çalarları kəsb etmiş, cilalanmış və səlisləşmişdir.Heç də təsadüfi deyil ki,dilçi alim­lərimiz də frazeoloji birləşmələri «qanadlı sözlər» ad­lan­dır­mış­lar.

Frazeologiyanın əsas ruhunu xalq tərəfindən yaradılmış ob­razlı ifadələr təşkil edir. Lakin frazeologiyanın əsas üslubi xü­susiyyətləri bədii əsərlərdə, poeziyada əşya və hadisələrin ob­razlı, emosional ifadəsi zamanı meydana çıxır. Məzmun və for­masına görə rəngarəng olan frazeoloji birləşmələrin dildə zən­ginliyi onların tədqiq dairəsini daha da genişləndirir.

Po­etik dildə, xüsusən də poeziyada frazeoloji ifadə­lər­dən daha çox istifadə olunur. Bu baxımdan N.Xəzri poezi­ya­sı­nın dilinə xüsusi bədii obrazlılıq, gözəllik gətirən fra­zeoloji bir­ləşmələrin üslubi xüsusiyyətlərini,onların ədəbi-bədii dil­də mövqeyini,yerini tədqiq edib aydınlaşdırmaq maraqlı ol­du­­ğu qədər də vacibdir.

N.Xəzri poeziyasında olan mənalılıq, yığcamlıq,ifa­də­li­lik feli frazeoloji birləşmələrdə daha gözəl öz əksini tap­mış­dır. Feli frazeoloji birləşmələr, əsasən, hal-vəziyyət mə­­­­­­­na­sın­da olaraq cümlənin xəbəri vəzifəsində işlənir. Ma­raq­­lı cəhət bu­­­rasındadır ki, sabit birləşmələrin ümuni məna­sının for­ma­laş­­masında həmin birləşməni təşkil edən sözlər xüsusi rol oy­na­yır. Bu birləşmələr cümlədə müəyyən obyekt tələb edir:
Açıram səhəri sönən bir şamla,

Sehirli həb kimi qəm uduram mən [123, 114].

Bu nümunələrdə «səhəri açmaq»,»qəm udmaq» fra­ze­o­­loji bir­­­­ləşmələrin obyekti «sönən bir şam», «sehirli həb» ifa­də­­ləri­­dir. «Sönən», «sehirli» təyin, «şam», «həb» sözləri isə cüm­­­­­­­­­­lənin tamamlığıdır.

Onun şeirlərində Azərbaycan dilində müstəqil leksik mənası olan sözlərin iştirakı ilə formalaşmış bir sıra frazeoloji vahid­lə­rə də təsadüf olunur:


Bu gün gözlərimə dəydi bir çiçək

Qopdu dodağımdan «gözəldir» sözü [123, 12].


Nümunələrdəki «gözlərimə dəydi – görünmək», «qopdu dodağımdan - söyləmək» birləşmələri dilimizdə müstəqil lek­sik mənası olan feli frazeoloji birləşmələrdir.

N.Xəzri poeziyasında bədii dilin daha obrazlı, daha yük­­­­­­sək səviyyəli alınmasına şərait yaradan feli frazeoloji bir­ləş­mələrə geniş yer verilmişdir. Aşağıdakı şeir parçasına diq­qət yetirək:

Qəribə duyğular doğurdu məndə Tökdüm varaqlara fikirlərimi Sirrimi dostuma açdım bir səhər Eşqim torpaqlara qanla yazıldı Fırlandı başıma dərə də, dağ da,

Tək mən döyülmədim, döyüldü sevgim,

Söyüldü, tapdandı, yellərə getdi, Acısı aylara, illərə getdi Sızladım ürəkdən mən yana-yana, Tale imtahana çəkir inadla Eşit ürəyimi, bəyzadə xanım,

Sənin taleyinə gəldi tufanlar

Sevincə şərikdi ahlar, amanlar Ürək can atırkən ağ gündüzlərə Tale kədər səpdi qara gözlərə

Çox vaxt sevinc yatır, kədər oyaqdır,

Bir ömür yol keçdim, qəlbdə Pakizə,

Dedim ki, pak sevgi düşsün pak izə!

İstərdim səsimi qəlbin eşitsin [123, 104-105].

Nümunələrdə duyğular doğdu, fikirləri varaqa tökmək, sir­ri dosta açmaq, eşqi torpaqlara qanla yazmaq, dağ, dərə­nin başa fırlanması, sevginin döyülməsi, yellərə getmək, acı­nın aylara, illərə getməsi, yana-yana sızlamaq, talenin im­ta­ha­na çəkməsi, ürəyi eşitmək, taleyə tufanların gəlməsi, ah, ama­nın sevincə şərik olması, ürəyin ağ gündüzlərə can at­ma­sı, talenin qara gözlərə kədər səpməsi, sevincin yatması kə­də­rin ayıq olması, qəlbdə ömür yolu keçmək, pak sevginin pak izə düşməsi, qəlbin səsi eşitməsi və s. kimi feli frazeoloji bir­ləş­mələr həm eks­pres­siv xüsusiyyətlərinə, həm də üslubi mə­qam­larına görə şairin bədii dilinin zənginliyini və obraz­lı­lı­ğı­nı təmin edən gözəl ifadə vasitələrindəndir. Nümu­nə­lərdəki sa­bit birləşmələrin bir qismi­nin I tərəfi işlənmə dairəsinə görə ay­rı-ayrı söz qruplarına məx­sus lüğət vahidlərindən ibarətdir. Bu­radakı müxtəlif leksik va­hid­lərin müxtəlif mənalı fellərlə bir­ləşməsindən əmələ gəlmiş bu frazeolo­gizmlər N.Xəzrinin di­li, üslubu üçün daha maraqlı və sə­ciyyəvidir.

Frazeologiyanın poeziyada linqvo-poetik təhlilindən da­­­­­­­­­­nı­­­şarkən konkret olaraq 2 məsələni aydınlaşdırmaq is­­tər­dik:

1.Frazeoloji ifadələrdə məcazlar-poetik fiqurların (mü­qa­­­­­yisə, təşbeh, epitet, metafora, metonimiya, mübaliğə,in­ver­­­­­siya, bədii sual, bədii nida) üslubi imkanları

2. Atalar sözü və zərb-məsəllərin frazeologiyaya müna­si­­bəti

Frazeologizmlər bədii ifadə və bədii təsvir vasitəsi kimi


Məcazlar obrazlı təfəkkürün məhsuludur.Məcazın ya­ran­­­­­­­­­­­­­­­­­­­­­ması ifadənin obrazlı olması zərurətilə bağlıdır.»Bədii dil­­­­­­­­­­də söz fikir ifadə etməklə kifayət­lənmir, obyektiv varlığın ob­raz­­lı təsvirinə də xidmət edir» [26, 75]. S. Abdullayev də eyni fik­ri təsdiqləyərək yazır: «Poetik əsərdəki əlvanlıq, daxili hə­ra­­­rət və hərəkət qüvvəsi də məhz söz rənglərin tez-tez də­yiş­mə­­­­­sindən,müxtəlif məna çalarlarının intensiv əvəzlən­mə­lə­rin­­dən hasilə gəlir» [2, 7].

Məcaz sözün semantikası ilə sıx surətdə bağlı olan ha­di­­­sədir. «Məcazlaşma hadisəsi çoxmənalılıq prinsipi əsasında ya­­­ranır və onun nəticəsi kimi meydana çıxır. Həmin key­fiy­yə­­­­tə malik olmaq isə sözdən ifadəli və təsviri vasitə kimi isti­fa­də etməyə imkan yaradır» [112,36].Bu da, hər şeydən əvvəl, sözlərin mətn daxilində öz nominativ məna­larından uzaq­la­şıb kontekst daxilində yeni mənalar qaza­naraq məcazlaşması nə­­­­­­ticəsində baş verir.

Sözlərin məcazlaşması frazeoloji vahidlərin də ya­ra­dıl­­masında başlıca rol oynayır. Lakin frazeoloji vahidlər adi mə­caz növlərindən xeyli fərqlənir. Məcaz növlərini is­tə­­­­­­­­nilən vaxt yaratmaq olur. Frazeoloji vahidlər isə dildə, əsa­­­sən,sabit şə­kil­dədir.Komponentlər məcazın bir və ya bir neçə növü əsa­sında sabitləşmişdir. Məcaz növləri bu­ra­da canlı bədii löv­hə­lər yaratmışdır. Belə sin­kretik keyfiyyət fərq­­­lərinə görə fra­ze­o­logiyanın özünü də bədii təsvir va­si­­tə­si hesab etmək lazım­dır. Dilin məcaz­lar sistemi, adətən, bə­­­­­­­­­­­dii təsvir vasitələri he­sab edilir.

Bədii ədəbiyyatda fikrini müxtəlif yollarla, müxtəlif ifa­də vasitələri ilə verməyə çalışan N.Xəzri poeziyasında fikrin qüv­­­vətli və emosional ifadəsi üçün frazeoloji ifadə­lərdən isti­fa­də etmiş, çox vaxt öz əlavələri ilə onların eks­pressivlik və tə­sirlilik əlamətini gücləndirmişdir. Bu ifadələrin fikrən təhlili oxu­cuda xalqın təfəkkür məhsuluna, onun qüd­rətinə mə­həb­bət hissi oya­dır.

Şairin əsərlərində ekspressivlik yaradan vasitələrdən bi­ri də məcazlardır. Məcazlar dilimizin daxili gözəlliyinin, zən­gin­­­­liyinin,məna rənglərinin aşkar edilməsində mühüm rol oy­­­­­­nayır və hər bir bədii əsərin dəyərini, qiymətini artırır. Əl­bət­tə, sözün məcazlaşması müxtəlif məna incəlikləri, çalar­lıqları ya­­­­­­ra­dır. «Məcazlar bədii dili obrazlı,poetik təsirə ma­lik ifa­də­­­­­­­­lərlə zənginləşdirir,eyni zamanda ifadəliliyə, yığ­cam­lılığa xid­­­mət edir» [60,75].

Müqayisə,bənzətmə, epitet, alleqoriya, metonimiya, ki­­­­­­­­­­na­yə, mübaliğə və s. məcaz növlərinə frazeoloji vahidlərdə rast gəlmək olur. Buna görə də frazeoloji vahidləri bədii təs­­vir vasitəsi kimi məcaz növləri üzrə qruplaşdırmaq məqsə­də­mü­vafiqdir.

Frazeoloji vahidlərdə poetik müqayisə daha çox iştirak edir. Poetik müqayisə dedikdə məcazın bənzətmə, müqayisə, is­tiarə, alleqoriya, təcəssüm və epitet kimi növləri nəzərdə tu­tu­lur. Komponentlərin təmsil etdiyi fikir, obyekt bir-biri ilə qar­şılaşdırılır, adi şəraitdə nəzərə çarpmayan cəhətlər qa­ba­rıq şəkildə meydana çıxır, təsvir obyektinin səciyyəvi cə­hət­lə­ri açılır, əyaniləşir, oxucunun gözləri qarşısında can­la­nır.

Təşbeh.

Frazeoloji vahidlərin bir qrupu bənzətmə, yəni təş­beh olmuş, dildə tez-tez təkrar olunduğuna görə bir tərkib ki­mi get-gedə sabitləşmiş,semantik bütövlük yaran­mış və fra­­zeoloji vahidlər sırasına keçmişdir.

Qeyd etdiyimiz kimi,bədii əsərdə çox istifadə edilən təs­­­vir vasitələrindən biri də təşbehdir. Mənşəcə ərəb sözü olan təş­­beh oxşatmaq, bənzətmək mənasını ifadə edir. Ona görə də Azərbaycan ədəbiyyatşünaslığında məcaz növlə­rin­dən biri ki­­mi təşbeh sözünün əvəzinə bənzətmə termini də işlədilir.

Təşbeh məcazın sadə növlərindən biridir. Bədii ədəbiy­yat­­da bir əşyanın və ya hadisənin müəyyən əlamətə görə özün­­dən daha qüvvətli əşya və hadisəyə oxşdılmasına təşbeh, ya­­xud bənzətmə deyilir. Təşbehin əsasında müqayisə durur, bir əşya başqa bir əşya ilə qarşılaşdırılır. Lakin bu əşyalar ara­­­­­­­­­­­­­­­­­­sında ancaq bir və ya bir neçə oxşarlıq yaradılır.

Y. Stepanov müqayisənin əsasən iki növünü [fərdi və ümumişlək] göstərir: «Hər şeydən əvvəl, müqayisələr fərdi və hamının qəbul etdiyi sabit söz birləşməsi şəklində ola bilər. Birinci halda onların məqsədi əşyanı ən müxtəlif cəhətdən xa­­rakterizə etməkdir, lakin bunlar daha çox əşyanın təkrar­edilməz cəhətlərini əks etdirmək üçün işlənir... İkinci halda müqayisələr hamının qəbul etdiyi sabit söz birləşmələri ola­raq, adətən, keyfiyyət dərəcəsini bildirir. Keyfiyyət özü isə ay­rıca ifadə edilməlidir. Ona görə ki, fərdi müqayisələr əksər hal­­larda iki hissədən ibarət olur:müqayisə olunan əşyaya işa­­­rə və onun nə ilə müqayisə olunmasının təsviri» [115,161].

«Təşbeh müəyyən əlamətlərinə görə epitetlərdən fərq­lə­nir. Epitetlər bir sözə qüvvətləndirici başqa bir söz əlavə et­mək yolu ilə düzəlirsə, təşbeh iki əşya, yaxud hadisə ara­sın­da oxşar əlamət tapmaq yolu ilə yaranır. Təşbehin aşa­ğıdakı tər­kib hissələri – əlamətləri vardır:

1) Bənzəyən 2) Bənzədilən 3) Bənzətmə qoşması

4) Bənzətmə əlaməti

Hər bir tam təşbehi tərkib hissələrinə ayırdıqda dörd mühüm cəhət özünü göstərir: təşbehdə bənzəyən nədir; o, nə­­yə bənzədilir; bənzəyənlə bənzədilən arasındakı müş­tə­rək sifət nədir?; bənzətmə nəyin vasitəsilə ifadə olunur?» [75,152].

Təşbehin müvəffəqiyyətli olması üçün bənzətmə əla­mə­ti [müştərək sifət] bənzəyənə nisbətən bənzədiləndə daha güc­lü, daha üstün olmalıdır:
İstəsən yuxuna gələrəm sənin, gələrəm dəniz kimi.

Üzünə incilər çilərəm sənin,

çilərəm dəniz kimi.

Yoluna şəfəqlər səpərəm hərdən,

səpərəm dəniz kimi.

İstəsən üzündən öpərəm hərdən,

öpərəm dəniz kimi.

Adını qəlbimin sahillərinə,

yazaram dəniz kimi.

«Sevirəm» söyləsən bir axşam mənə,

Susaram dəniz kimi, Susaram dəniz kimi [123, 50-52].
Nəbi Xəzrinin «Dəniz, göy, məhəbbət» şeirindən nü­mu­­­­­­nə gə­­­­­­­­­tirdiyimiz bu poetik parçada şairin fikir və hissləri təş­­­­­­­­beh, müqayisə və sintaktik təkrarlar vasitəsilə yüksək ifa­də­­liliklə verilmişdir.

Ənənəvi müqayisə.

Frazeoloji vahidlərin bir qrupu ən­ənə­­­­­­­vi müqayi­sədir. Ənənəvi müqayisə çox vaxt «kimi» qoş­ma­­sı, bənzətmə və müqayisə bildirən «elə», «elə bil», «sanki» mo­dal sözləri vasitəsilə formalaşır. «İsgəndər kimi sədd aç­maq»,»Mədaxili sel kimi axmaq»,»İlan kimi qabıq qoy­maq», «İt kimi peşman olmaq», «Şam kimi əri­mək», «Fər­­had kimi külüng çalmaq»,»Aya, günə dönmək»,»Ölüdən pis kökə düş­­­mək» və s. ifadələr ənənəvi müqa­yisədir.Bu tipli nümunələrə biz N.Xəz­ri­nin şeirlərində rast gəlirik:
Sanki günəş doğdu uzaq səhərdən Elə bil gəlmişdi əfsanələrdən Sanki o parlayan Dan ulduzuydu [123, 21]. Sanki göz yaşıdır axan ulduzlar Sanki şillə kimi dəyir üzümə [123, 111].

Ömür tək beləcə əriyir gecə [123, 114].

Sısqa çay tək sən ümmana axar olsan [123, 163].

Dünyaya


Günəştək

nur yayan insan,

Vaxt olur

Üfüqdə


ulduz tək axır [123, 123].

Səhər əjdaha tək açıb ağzını

Axıb göz yaşı tək şeh kainatdan [123, 178].

Yuxu tək gəldi o, yuxu tək getdi [123, 176].

Mərdlərə söykənər Vətən dağ kimi [123, 90].

Elə boşaldı ki, sinəmdə ürək

İlham gəlməyəcək yenə qonaqtək [123, 132].

Metafora.

Poetik müqayisənin bir növü də meta­fo­ra­dır. Bədii dildə çox yayılmış metafora köçürmək mənasını ifa­də edir. Azərbaycan dilçiliyində bu anlayış istiarə sözü ilə ifadə olunur.Beləliklə,metafora və yaxud is­­ti­arə bir əş­ya və hadisənin müəyyən əlamətinin başqa əşya, hadisə üzə­­­­­­ri­nə köçürülməsi nəticəsində meydana gəlir:
Alov hücüm çəkdi insan ömrünə [123, 79] Gecə keçir, yuxu qaçır, yatmıram [123, 81]

Onda de, ey gözəl, bu kuzə kimi,

Sındırdın eşqinlə vuran qəlbimi [123, 14]

Baxır minarələr qəmli sükutla [123, 111]

Nəsə yer söyləyir, göy pıçıldayır

Bir ulduz danışır, mənimlə ulduz [123, 114]

Qumral saçlarını daradı kulək [123, 64]

Sirrini pıçıldar göy otlar mənə

Bəyaz kəfən biçər buludlar mənə [123, 167]

Sanki çiçək səpdi üzlərə odlar

Yuxudan gecənin özü oyandı Alovlar çağladı, atəşlər axdı [123, 161]

Sən cahana soyuq qəlblə baxar olsan [123, 163]

Dağa duman çöküb, çən yeridikcə, Gözünü açdıqca günəşli bahar [123, 160]

Bir sükut içində yatır bağça-bağ

Ürəyim eşidir, ürəyim duyur [123, 158].
Misallardan göründüyü kimi, metafora da müqayisə, ox­­­şatma əsasında yaradılır. «Metaforada da müqayisə-bən­zət­mə vardır. Müqayisədə bənzədilən və bənzəyən ob­yekt­lə­rin hər ikisi adlandırılır. Metaforada isə bənzədilən olur, bən­zət­­­­­mə obyekti isə işlədilmir.Metafora, adətən, bir sözdən iba­­­rət olur. Müqayisə isə ən azı iki söz, yaxud bir söz və bir qoş­ma­dan ibarət olur» [6, 128]. Bundan başqa, metafora təşbehə nisbətən daha mürəkkəb məcaz növüdür. Metaforadakı mü­rək­kəblik isə ondakı mücərrədlikdən-qarşı­laşdırılan əşyaların birinin iştirak etməməsindən yaranır. Başqa sözlə,me­ta­fo­ra­da qarşılaşdırılan əşyalardan biri fak­tik olaraq iştirak etmir, hət­­­­­­­­­­­ta adı da çəkilmir, həmin əşya onun bir əlamətinin başqa əş­­­yaya şamil edilməsi yolu ilə metaforada iştirak edir.

Metafora yolu ilə bir əşya üzərində müxtəlif əlamət və key­­fiyyət köçürmək mümkün olduğundan məcazın bu növü şe­irin emosional gücünün artmasında ciddi əhəmiyyət kəsb edir.»Metaforik söz və ifadələrin əsas bədii keyfiyyəti təs­vir­lə üzvi surətdə bağlılığında və təcəssüm etdirdiyi obrazlarla ya­xın­­lı­ğındadır» [42,101]. Bu cəhətdən də sənət­kar poeziyada me­­­taforadan daha çox istifadə etməyə çalışır. Hətta bəzən şa­ir nəzərə çatdırmaq istədiyi bir fikirlə əlaqədar olaraq bir ne­çə metafora işlədərək, demək olar ki, metafora silsiləsi ya­ra­­dır. Bütün bu cəhətləri nəzərə alaraq, deyə bilərik ki, «fra­ze­o­loji birləşmələrin ən mühüm xüsüsiyyətləri eks­pressivlik, me­ta­­­­­­foriklik və emosio­nallıqdır» [57,69].

Metonimiya.

Bədii dildə tez-tez rast gəlinən və danışığı, mə­­­­­­nanı qüvvətləndirən, şirinləşdirən məcaz növlərindən biri də metonimiyadır.Yunanca metonomadro sözündən olan me­­­­­­tonimiya «ad dəyişmə» mənasını bildirir. Metaforada bir-bi­ri­nə bənzədilən hadisələr arasında bilavasitə real əlaqə olmadığı hal­da, metonimiyada bu bənzətmə bir-biri ilə əlaqə­dar olan ha­­­disələr əsasında qurulur. Metonimik məcazda nə­in­­ki əşya, hət­ta anlayış da bütövlükdə dəyişir. «Metonimiya oxşar əş­ya­la­rın və onların əlamətlərinin qarışdırılması nəticə­sində əmələ gəl­miş, bir-biri ilə bu və ya digər xarici, yaxud daxili əlaqədə olan, bir-birindən fərqli əşyaların yaxınlaşması nəticəsində dü­zə­lir. Metonimiyada məqsəd əşyaya, hadisəyə, hərəkətə ifa­də­li­lik verməkdir. Metonimiyanın bu növündə sub­­­­yekt buraxılır, onun yerinə obyekt işlənir» [6,134].

İdiomların əksəriyyəti, atalar sözləri və xalq məsəl­lə­ri­nin bir qismi metonimik səciyyə daşıyır. Burada ifadə olunan fi­kir,anlayış əslində olduğu kimi deyil,əvəz edilmiş, bədii don geydirilmiş şəkildədir.

Metonimik frazeoloji vahidlərdə poetik müqayisə ele­ment­­­­­­­­lərinə də rast gəlmək olur. «Metonimiya da metafora ki­mi cürbəcür hadisələr, əşyalar arasın­dakı əlaqəni obrazlı şə­kil­də müqayisə edən insan təfəkkürünün məhsuludur» [88, 66]. Bir qədər örtülü şəkildə olsa da bənzətmə, təcəssüm və s. özü­nü göstərir. Bu da məcaz növlərinin bir-birinə göstərdiyi qarşılıqlı təsirlə bağlıdır.

Klassik və müasir ədəbiyyatımızın elə bir janrı yoxdur ki, orada metonimik frazeoloji vahidlərdən istifadə olun­ma­sın. O cümlədən N. Xəzrinin şeirlərində metoni­mi­ya­nın gözəl nü­­­munələrinə rast gəlinir:


Zəriflik sükutla danışan gözəl Qışqıran sevgilər məyər sevgimi? [123, 32] Pambıqla baş kəsənlərə rəhmət deyək?

O körpüdən qəhrəmanlıq keçsin gərək! [123, 33]

Əlində ölümün sındı qanadı [123, 79].

Arzular baharda, ömür qışdadır

Quru haray çəkər, yaş tökülərsə [123, 23]. Odlu köynək geyib eşq atəşindən [123, 29].

Lakin onu bir an görməyəndə mən,

Sönüb gözlərimdə qaralır cahan [123, 13].

Sənin yadındamı, mən ki, bir zaman,

Vermişdim sevgimi sənə ərməğan [123, 14]. Üzeyirin üzündən sis-duman keçir [123, 111].

Adını qəlbimin sahillərinə

yazaram dəniz kimi [123, 50].

O, min-min ürəyə körpülər atdı [123, 64].

Qara ürəklərdən qorxun, durnalar! [123, 109]

Dağların zirvəsi ağa bürünür [123, 88].

Çəkin Qarabağdan qara əlləri! [123, 89].

Mübaliğə və litota.

Frazeoloji vahidlərin məzmununda mü­­­­baliğə xüsusi yer tutur. Mübaliğə bu və ya digər pred­me­tin, hadisənin əlamətlərini olduğundan müqayisəyə gəl­mə­yə­cək dərəcədə artıq göstərir.Dilçilikdə buna hiperbola da de­yi­lir. Dilimizə başqa dillərdən keçən mübaliğə və hiper­bola ter­min­­­lərindən mübaliğə daha geniş yayıldığından şişirt­mə, üs­tün­­­­­­­lük vermək anlayışını Azərbaycan dilində mübaliğə ter­mi­­­­­­­­­­­­­­­ni ilə ifadə etmək daha münasibdir.

Mübaliğə nəzərdə tutulan fikrin,ideyanın oxucuya, din­­­­lə­yiciyə daha qabarıq çatdırılmasına xidmət edir. Nəbi Xəz­­­ri po­e­ziyasında mübaliğəli frazeoloji vahidləri semanti­kasına gö­­­­­­­rə iki yerə ayırmaq olar:

1. Komponentlərin yaratdığı məzmunda fikir şişirdilir:
Göydən dərin olar yerlərin dərdi

Nəbini ah boğar, aman ağladar [123, 23]

Qalın buludlardan

çıxdı dağ, qaya [123, 27]

Kükrəyib qəzəbdən od tökər qışım [123, 89]

Bəlkə sevgi özü bir kainatdır

Tropik isti də yandırmaz məni

Sənin


Soyuqluğun

Məni yandırır [123, 150].

Döndü ürəyimiz sevincdən dağa [123, 16]

Ahımdan asiman qoy parçalansın!

Fikir asır məni dardan [123, 101]
Nümunələrdə verilmiş «yerin dərdinin göydən dərin ol­ma­­sı», «dağın,qayanın qalın buludlardan çıxması»,«qışın qə­­­­­zəbdən kükrəyib od tökməsi», «sənin soyuqluğunun məni yan­­­­­­­­­­dırması», «sevincdən ürəyin dağa dönməsi», «sevincdən asi­­­­­­manın parça­lan­ması», «fikrin məni dardan asması» ifadə­lə­­­­­ri nə qədər poetik olsa da,bunların hər birində mübaliğə nə­­­­­­­­­zə­­rə çarpır.

2. Məzmun kiçildilmiş, əhəmiyyətsizləşdirilmişdir.Bu­na­­ li­­­­­tota da deyilir.Şair müəyyən hadisəni,əşyanı şeirin ide­ya­­­­­­sı­na uyğun,əslində olduğundan zəif,kiçik şəkildə nəzərə çat­dır­­­­­­­­­­maqla litota yaradır:

Sanki göz yaşıdır axan ulduzlar [123, 11]

Dostlar bizə

Qılınc çəksə

lal sükutuyla [123, 149]

Sevgi bir kiçicik

Qəlbə sığsa da [123, 150]

Bəlkə də saralmış, solmuş bir dağam [123, 125]

Sızdı ürəyimdən söz damla-damla

Bir ovuc görünür bağlar uzaqdan

Dağ boyda palıdlar qara xal olur [123, 122].

Bir çaya döndüm ki, sısqa axıram [123, 44].

Kobud bir ovuca sıxışan əllər [123, 42]

Enir ayağına parlaq ulduzlar [123, 38].
Nümunələrdə verilmiş planetlərdən özünün böyüklüyü ilə seçilən ulduz «sanki göz yaşıdır axan ulduzlar» ifadəsində özündən qat-qat kiçildilmişdir. Dağ, adətən, ucalıq, əzəmilik, əlçatmazlıq simvoludur. «Bəlkə də saralmış, solmuş bir da­ğam» ifadəsində isə lirik qəhrəmanın özünün sanki təbiətin ona göstərdiyi təsirdən zəifləmiş, saralıb-solmuş bir dağla mü­­­­­­­­­­­­qa­­­yisəsi, digər misralarda ucsuz-bucaqsız bağların bir ovuc böyüklüyündə görünməsi, kükrəyib-çağlayan bir çayın sıs­qa axması, bir ovuca sığmayan əllərin sığışdırılması,hə­mi­şə ənginliklərdə olan ulduzların kiçildilib bir ayağın altına en­­­­­­­­dirilməsi kimi ifadələr litotanın parlaq nümunələrindəndir.


:

kitablar
kitablar -> F. Q. Vahidov, T. B. Ağayev
kitablar -> Əli Kərim üslubu, yaxud
kitablar -> Bismillahir-rəhmanir-rəhim
kitablar -> Гуранда шаирляр щаггында айя
kitablar -> Ziqmund Freyd haqqında maraqlı faktlar
kitablar -> ÇƏRƏKƏ TƏRTİb edəN: Haci faiq nəBİyev
kitablar -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
kitablar -> Microsoft Word Tercumeshunasliq lugeti fin doc


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ikidfdydm---drs-vsaiti.html

ikimqamdiqqticlbedir.html

ikinci-dlil-talaq-aysi--.html

ikinci-faklt-aqronomluq-4.html

ikincili---azrbaycan.html